Türkiyəli ekspert: Bir coğrafiyada demoqrafik və topoqrafik ədalət təcəlli etməzsə, o torpaqlarda sülh və rifah olmaz
“Azərbaycanın 44 günlük haqlı savaşında Türkiyə bütövlükdə dövlət, xalq, media olaraq necə qardaşlarımızın yanında oldusa, bu gün Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdış istəklərinə də hər şəkildə dəstək verəcəyinə inanıram”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə Türkiyənin Bahçeşehir Universitetinin müəllimi, hərbi və təhlükəsizlik məsələləri üzrə mütəxəssis Abdullah Ağar söyləyib.
Ermənistanda türklərin etnik təmizlənməsi siyasətinin əsasının 1828-ci ildən qoyulduğunu vurğulayan ekspert bildirib ki, 1948–ci ildən intensivləşən bu proses 1989-cu illərdə başa çatıb: “Əslində soydaşlarımız 1828-ci ildən Türkmənçay anlaşmasından sonra bu cür demoqrafik, topoqrafik oyunlara, zorakılıqlara məruz qalırdılar. “Türksüz Ermənistan” siyasətinin davamı olaraq onlar öz yurd-yuvalarından müxtəlif bəhanələrlə sürgün edilirdilər. Bu səbəblərin altında siyasi, demoqrafik, topoqrafik dəyişmə oyunları vardı. Xüsusilə regiondakı gücü, iradəni öz mənfəətləri üçün parçalamaq cəhdlərinin nəticəsi olaraq bu hadisələr baş verirdi. Çünki Azərbaycanın regionda güclənməsi Ermənistanı əndişələndirən bir məsələ idi. Odur ki, hər zaman Ermənistan cəmiyyətində türklərə qarşı düşmənçilik, ayrı-seçkilik toxumu səpərək azərbaycanlı soydaşlarımızı öz tarixi dədə-baba torpaqlarından məhrum etdilər. Bəzən zor gücü ilə, bəzən istiqrarsızlıq yaratmaqla, bəzən dövlətin əli ilə, bəzən də ermənilərin “istehsalı” olan qorxu, dəhşət, qətliamlar törətməklə Azərbaycan türklərini vətənlərindən sürgün etdilər”.
Abdullah Ağarın fikrincə, Qərbi azərbaycanlıların tarixi torpaqlarına, öz yurd-yuvalarına qayıtmaq haqlarını təkcə Türkiyə deyil, bütün dünya türkləri dəstəkləməlidir: “Bu bir həqiqətdir ki, Zəngəzur tarixən türk torpaqları olub. Ermənistanda Azərbaycana qonşu olan kəndlərin hamısının türk torpaqları olması haqqında arxiv sənədləri mövcuddur. Amma Ermənistan geopolitik mənfəətləri hesabına Naxçıvanla Azərbaycan, Türkiyə ilə Azərbaycan arasında sədd çəkib. Əlbəttə ki, bizlərin əsl yurduna dönmək ən təbii haqqıdır. Tarixən o torpaqlarda yaşayan soydaşlarımızın varisləri də öz ata-baba yurdlarına dönəcəklər, əcdadlarının miraslarına, məzarlıqlarına, bağ-bağçalarına sahib çıxacaqlar. Zamanla haqq yerini tapacaq. Bir coğrafiyada demoqrafik və topoqrafik ədalət təcəlli etməzsə, o torpaqlarda sülh və rifah olmaz. Ona görə də Türkiyə də, bütün türk dünyası da Qərbi azərbaycanlıların öz vətənlərinə dönmək istəklərini hər şəkildə dəstəkləməlidir. Və mən inanıram ki, Azərbaycanla Türkiyənin dövlət başçıları da, dövlətlərimiz də, xaqlarımız da bu mübarizədə də həmrəy, yekdil olacaqlar və qətiyyət nümayiş etdirəcəklər, regionda sülhün bərqərar olması üçün əllərindən gələn dəstəyi verəcəklər”.
Sevil Hilalqızı Ünal,
Ankara